"O olmasın, bu olsun" Filarmoniyanın səhnəsində

"O olmasın, bu olsun" Filarmoniyanın səhnəsində

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası nümayiş olunub. Musiqili komediya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının iştirakı və Sevil Hacıyevanın dirijorluğu ilə təqdim edilib.
   “O olmasın, bu olsun” 4 pərdəli musiqili komediyası Üzeyir Hacıbəylinin qələmə aldığı ikinci operettadır. Dahi bəstəkar 1910-cu ildə yazdığı bu əsərlə o vaxtki Azərbaycan reallığını əks etdirib və illər keçməsinə baxmayaraq “O olmasın, bu olsun”da qaldırılan məsələlərin bəziləri hələ də öz aktuallığını qoruyub saxlamaqdadır.
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində ilk dəfədir oynanılan “O olmasın, bu olsun” operettası böyük maraqla qarşılanıb.
Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş veridiyi səhnə əsərində Xalq artisti, professor Azər Zeynalov (Məşədi İbad), Xalq artisti Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər Gülüstan Əliyeva (Sənəm), İlahə Əfəndiyeva (Gülnaz), Fərid Əliyev (Sərvər) və başqaları rol alıblar.
Əsərin əsas qəhrəmanlarından olan Məşədi İbad Xudaverdixan oğlu həyatın mənasını alverdə görür. Onun üçün insanın varlığını təyin edən əsas amil puldur. Qoca vaxtında evlənmək eşqinə düşən bu tacir Rüstəm bəylə sövdələşir və onun qızı, özündən 32 yaş balaca olan Gülnazı iki min manata satın alır.  Bu və bundan sonra cərəyan edən hadisələr tamaşaçıları həm gülməyə, həm də düşünməyə vadar edir.
   Xalq artisti, professor Azər Zeynalov 10 ildən artıqdır ki, Məşədi İbad obrazı ilə tamaşaçıların qarşısına çıxır. O, tamaşanın son məşqləri gedən zaman bildirirdi ki, onun Məşədi İbadı əvvəlkilərdən fərqli olacaq. Bununla bağlı Azər Zeynalov müsahibələrinin birində belə deyir: ”Mən sübut edəcəyəm ki, 50 yaş qocalıq yaşı deyil!”.
Əslində sonlara Üzeyir Hacıbəyli özü də bu qənaətə gəlib. 1998-ci ilin dekabrında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında  “O olmasın, bu olsun” operettasının yeni quruluşda təqdimatından sonra yaradıcı kollektivlə görüşən Heydər Əliyevlə söhbət zamanı Elçin Əfəndiyev deyir: “O vaxt Üzeyir Hacıbəyov özü bunu etiraf edir. O, 50 yaşı keçəndən sonra yazır ki, mən o yazıq Məşədi İbadı biabır eləmişəm, amma bu, özümün də başıma gəlibdir”.
   Üzeyir Hacıbəylinin 25 yaşında yaratdığı Məşədi İbad obrazı bu gün 109 yaşındadır və hələ də min cavana dəyir. Bunu operettanın yekununda səslənən və dəqiqələrlə səngimək bilməyən gur tamaşaçı alqışı bir daha sübut etdi. Bu da onu göstərir ki, həmişə müasir komedia - “O olmasın, bu olsun” hələ uzun illər tamaşaçıları həm güldürməyə, həm də düşündürməyə davam edəcək.

————
Digər xəbərlərimiz
————
  • 29-03-2019, 12:51

    “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilir.

    Ətraflı
  • 20-01-2019, 12:57

    Gəncə Dövlət Filarmoniyasında «Xəmsə» estrada ansamblının SOLO konserti

    Ətraflı
  • 11-03-2019, 13:03

    Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə

    Ətraflı