FİLARMONİYA HAQQINDA

Kollektivlər

Filarmoniyanın tərkibində hal-hazırda 3 kollektiv fəaliyyət göstərir: “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı, “Xalq” çalğı alətləri orkestri və “Kamera” orkestri.

“Göygöl” xalq çalğı alətləri ansamblı ictimai əsaslarla 1970-ci ilin mart ayında yaradılmışdır. Respublikanın xalq artisti Fikrət Verdiyevin rəhbərliyi ilə yaradılan bu kollektivi xeyirxah bir məqsəd düşündürmüşdür.

“Göygöl” ansamblının konsert səhnəsində ilk qədəmləri uğurlu olmuşdur. Müslüm Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında mavi ekranda çıxış etmiş istedadların ifasında səslənən bir sıra   instrumental havalar və mahnılar Azərbaycan radiosunda lentə alınmışdır. Müğənnilərdən Rövşən Behçətin,  Südabə Bayramovanın, Vaqif Mirzəyevin, Şahnaz Həşimovanın ifa etdiyi mahnılar alqışlarla qarşılanmışdır. Belə ki,  görkəmli müğənnilər “Göygöl” ansamblının müşayiəti ilə konsertlər vermişlər. Xalq artistlərindən Şövkət Ələkbərova, Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, İslam Rzayev, Arif  Babayev və bu kimi müğənniləri qeyd etmək olar.

1973-ci ildə ansambl özünün ilk yaradıcılıq qələbəsini qazanmışdır. Ansambl Moskvada SSRİ Xalq  təsərrüfatı Nailiyyətləri sərgisində müvəffəqiyyətlə çıxış edərək xalq incəsənətini təmsil etdiyinə görə I  dərəcəli diploma layiq görülmüşdür. Belə xoş məramla ansamblda rəqs qrupu yaradılır. Rəqslərə quruluş  verməkdən ötəri baletmeyster xalq artistləri Əlibaba  Məmmədov Kamil Dadaşov və Roza Cəlilova Gəncəyə  dəvət olunmuşdur. Beləliklə ansambl bir çox rəqslərlə (Bura Qafqazdır, Azərbaycan toyu, Azərbaycan çayı,  Çobanlar rəqsi, Bulaq başı, Naz eləmə, Yallı) və s. konsert səhnələrində müvəffəqiyyətlə çıxış etmişdir.

Hal-hazırda ansamblda kollektivin rəhbəri Azərbaycan Respublikasının xalq artisti Adil Bayramov,  bədii rəhbəri Sahil Quliyev, baletmeyster isə Sənan Cavadovdur.

“Göygöl” ansamblının xoş sədaları bir çox xarici ölkələrdə yayılmışdır: Rusiya, Almaniya, Bolqarıstan,   Macarıstan, Türkiyə, Qazaxıstan, Türkmənistan və s.

1990-cı ildə Nizami yurdunda təşkil edilən Gəncə Dövlət Filarmoniyasının nəzdində yeni bir kollektiv  Xalq çalğı alətləri orkestri yaradılmışdı. Bu orkestrin bədii rəhbəri və baş  dirijoru yüksək ixtisas sahibi  mahir tarzən və dirijor Elçin Elçiyevə etibar edilmişdi.

Elçin Elçiyev Gəncə Dövlət Filarmoniyasında Xalq çalğı alətləri orkestrini yaradarkən ilk növbədə bu   kollektivə bir-birindən qabiliyyətli incə musiqi duyumu olan istedadlar seçib cəlb etmişdir.Mayestro kollektivin repertuarında Azərbaycan və eləcə də Qərbi Avropa və Rus bəstəkarlarının əsərlərini   qoymuşdur. Xalq çalğı alətləri orkestri 7 mart 1991-ci ildə F.Əmirov adına Gəncə dövlət Filarmoniyasının böyük   zalında ilk konserti vermişdi. Orkestrin ilk konsertində bəstəkar Süleyman Ələsgərov da çıxış etmişdi. Konsertin ilk nömrəsi Üzeyir Hacıbəylinin Arşın mal alan musiqili komediyasından olan müqəddimə ilə başlamışdır. Süleyman Ələsgərovun idarəsi ilə ifa edilən bu əsər alqışlarla qarşılanmışdır. Belə bir abu-havada bəstəkar böyük inam və qürur hissləriylə dirijor çubuğunu - yəni estafeti  öz yetirməsi olan Elçin  Elçiyevə təqdim etmişdir beləliklə Mayestro dirijor pultuna çıxmışdır.

Dünya şöhrətli bəstəkar Şərq simfonizm ustadı Fikrət Əmirov 1970-ci illərdə Gəncə musiqi texnikumunun müəllimləri ilə görüşdə dediyi bu kəlamları az bir vaxt içərisində istedadlardan hər birini yeni  yaradıcılıq amallarına səslənmişdir. Belə bir xoş ümidlərlə musiqi texnikumunun simli alətlər şöbəsinə  rəhbərlik edən skripkaçı İsmayıl Vəliyev Kamera orkestri yaratmaq təklifini irəli sürmüşdü. Çox keçmədən  musiqi   texnikumunun skripka müəllimi Rauf Hüseynzadə ilk kamera orkestrinin heyətinə skripka ifaçılarından İ.Vəliyevi,   R.Abbasovu, R.Myaqkovu, R.Hüseynovanı, kontrabas çalan V.Şerbakovu, violonçel ifaçısı V.Qordiyenkonu və pianoçu Ə.Əsgərovu seçmişdir. Kamera orkestrinə rəhbərlik etmək isə Rauf  Hüseynzadəyə etibar edilmişdi.

Az bir müddət ərzində Kamera orkestrinin xoş sədaları ətrafa yayılmışdır. İllər bir-birini əvəz etdikcə  İsmayıl Vəliyevin qəlbində bir daha xoş arzular baş qaldırmışdır. Beləliklə Gəncə Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru İsmayıl Vəliyev şəhər və respublika qarşısında kollektivin dövlət statusu alması   haqqında əsaslı məsələ qaldırmışdı. Çox keçmədən 13 yanvar 1987-ci ildə dövlət  qəbul komissiyası qarşısında Kamera orkestrinin hesabat konserti keçirilmişdi. Məhz həmin gündə də Kamera orkestri dövlət  statusuna layiq görülmüşdür. 
1991-ci ildə İsmayıl Vəliyev estafeti kamera orkestrinin konsertmeysteri skripkaçı Rasim Bağırova təqdim   etmişdir. Baş dirijor və bədii rəhbər R.Bağırov yaradıcılıq ənənələrinə sadiq olmuşdur. Gəncəmizin fəxri  yetirməsi tanınmış skripka ustadı Rasim Bağırov 1993-cü ildə İhsan Doğramaçı adına Ankara Bilkənd  Universitetinin Simfonik orkestrinə dəvət olunmuşdur. Məhz həmin ildə 1994-cü ildə estafeti kamera  orkestrinin yeni bir istedadına skripkaçı Rafael Bayramova etibar edilmişdi. 1994-cü ildə Gəncə Dövlət  Kamera Orkestrinin bədii rəhbəri və dirijoru təyin edilmişdi. 2018-ci ildə Rafael Bayramov Xalq artisti adına  layiq görülmüşdür.

Kamera orkestrində Xalq artisti solist Sevinc İbrahimova, Əməkdar artistlər Zərinə Allahverdiyeva, Kəmalə Tağızadə, Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, skripkaçılardan Surxay Əhmədov, Pərvanə  Mustafayeva, Tamella Əliyeva, Zülfiyyə Axundzadə kimi professional ifaçıların çıxışları həmişə arası kəsilməyən alqışlarla qarşılanır.